TRTAJANS - ÜZEYİR HACIBƏYOVUN YAŞADIĞI ÜNVANLAR...

 

Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

 
Böyük mütəfəkkir, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyovun həyat və yaradıcılığı ilə yaxından tanış olmaq istəyənlər
xalqının qüruru olan sevimli sənətkarımız haqqında yazılan hər bir yeni məlumatı hədsiz maraqla qarşılayırlar. Dahi bəstəkarın harada və hansı ünvanlarda yaşaması da Ü.Hacıbəyov pərəstişkarlarını düşündürən məsələlərdəndir. Elə buna görə də sənət dühamızın olduğu evlərin ünvanlarını araşdırmaq qərarına gəldik. Bu işdə isə Üzeyir bəyin böyük bacısı Sayad xanımın oğlu Camal Paşayevin məlumatları bizə yardımçı oldu.
Saf, bulaq kimi çağlayan musiqisi, dəyərli əsərləri ilə Azərbaycanı dünyada tanıdan XX əsrin böyük dühası Üzeyir bəy Hacıbəyovun həyatı çox kəşməkeşli olmuşdur. Yolları heç də həmişə rəvan olmayan bu məğrur, əyilməz və səbirli insan millətinin tərəqqisi üçün bütün çətinliklərə sinə gərmişdir. Uşaq vaxtından qədim, gözəl Şuşa şəhərində "Çölqala" məhəlləsində yaşayarkən ailəsinə yardımçı olmağa çalışmışdır. Zəhmətə qatlaşan Üzeyir kitab yazmağa başlamışdır. Əski əlifba ilə o, nağıllar, hekayələr yazmış, onlara illüstrasiyalar çəkmiş və kitab şəklində cildləmişdir. İlk qələm məhsuluna "Kitabi-məzhəkə" adı vermişdir. Hər gün 13 yaşlı Üzeyir bəy 3 belə kitab hazırlayar, dostları isə onu 15 qəpiyə həmyaşıdlarına satardılar. Kitablardan əldə olunan 45 qəpiyi anası Şirin xanıma verər, beləliklə də ailəsinə maddi yardım göstərərdi. 14 yaşında ikən - 1899-cu ildə Ü.Hacıbəyov Gürcüstana gedir və Qori Müəllimlər Seminariyasına daxil olur. Orada oxuyarkən də yaradıcılıq həvəsi onu tərk etmir. Özünün ilk "Dəllək" adlı mənzum felyetonunu yazır və Tiflisdə çıxan "Şərqi-rus" qəzetində dərc etdirir. Xalq mahnılarını nota salır.
Seminariyanı bitirdikdən sonra 1904-cü ildə onu dərs demək üçün Qarabağ mahalının Hadrud kəndinə müəllim təyin edirlər. Burada bir il rus dili, hesab, tarix və musiqidən - nəğmədən dərs deyən Üzeyir bəy Hacıbəyov 1905-ci ildə erməni -müsəlman davası başlayanda təcili olaraq kənddən çıxarılır və Bakıya göndərilir.
1905-ci ildən etibarən Üzeyir bəy Bakıda yaşamağa və işləməyə başlayır. Əvvəlcə müəllim kimi fəaliyyət göstərir, Bayıldakı Bibi-Heybət məktəbində (indiki 51 saylı orta məktəbdə) neft mədənlərində çalışan fəhlələrin uşaqlarına dərs deyir.
Üzeyir Hacıbəyov millətinin balalarını maarifləndirmək üçün bütün çətinliklərə qatlaşırdı. Nəqliyyat olmadığından şəhərdən Bayıla qədər 10 km yolu piyada gedərdi. Havanın şıltaqlığına baxmadan küləkdə, yağışda, qarda - hər gün 20 km yol qət edərdi. O, Bibi-Heybətdən sonra Əlibəy Hüseynzadənin açdığı "Səadət" məktəbinə dəvət olunub. Bu məktəblərdə Üzeyir bəy Hacıbəyov ana dilindən, hesabdan, coğrafiyadan, tarixdən, rus dilindən, musiqidən dərs demiş, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, "Orucov qardaşları" mətbəəsində "Türk-rus, rus-türk" (1907) lüğətini və "Hesab məsələləri" (1908) dərsliyini çap etdirmişdi.
Bu illərdə Ü. Hacıbəyov Bakıda Poçtovaya - Ostrovski - Süleyman Tağızadə küçəsində, Persidskaya, Poluxin - Murtuza Muxtarov və Spasskaya - Qasım İsmayılov - Zərgərpalan küçələrinin arasında yaşayırdı.
1907-ci ildə "Leyli və Məcnun" operası üzərində işləyərkən Bazarnaya - Hüsü Hacıyev küçəsində (Nijne-Priyutskaya - Kamo - Süleyman Rəhimov ilə Verxne Priyutskaya - Ketsxoveli - Şamil Əzizbəyov küçələrinin arasında ) kirayədə qalırdı. Üzeyir bəy Şərqin ilk operasını 1908-ci ildə "İslamiyyə" mehmanxanasında (indiki Süleyman Tağıyev küçəsindəki 6 saylı uşaq musiqi məktəbinin yerləşdiyi bina) tamamlamışdır.
1909-cu ildə "Şeyx Sənan" operasını, "Ər və arvad" operettasını yazan bəstəkar Spasskaya - Qasım İsmayılov - Zərgərpalan küçəsində yaşayırdı. 1910-cu ildə "Rüstəm və Söhrab" operasını, "O olmasın, bu olsun" operettasını Üzeyir bəy Nijne Çemberekenskaya - Lermontov küçəsində kirayədə olarkən yazmışdır. 1911-ci ildə 2 ev dəyişərək əvvəlcə Serkovnaya - Vidadi küçəsi ilə Nijne Tazepir - Mirzə Fətəli küçələrinin tinindəki evdə, sonra isə 3-cü Paralelni - Əbilov küçəsində yaşamışdır. 1912-ci ildə isə Şemaxinskaya - Cəfər Cabbarlı və 3-cü Paralelni - Əbilov küçəsinin tinindəki evdə özünün "Şah Abbas və Xurşidbanu", "Əsli və Kərəm" operalarını yazmışdır. Elə o ildə də ali təhsil almaq üçün əvvəlcə Moskvaya, sonra isə 1913-cü ildə Sankt-Peterburq şəhərinə gedərək imtahanları müvəffəqiyyətlə verib, Rimski Korsakov adına Sankt-Peterburq Konservatoriyasına qəbul olunur. Burada Ü.Hacıbəyov Yekaterin kanalı (Yekaterinski kanal) ev ¹ 126, mənzil 77-də yaşamış və dünya şöhrətli "Arşın mal alan" operettasını yazmışdır. Bakıya qayıtdıqdan sonra düz 27 il, 1915-ci ildən 1942-ci ilə qədər Verxni Priyutskaya- Ketsxoveli - Şamil Əzizbəyov küçəsi ¹ 67-də ömür sürmüş, bir çox musiqi əsərlərini, o cümlədən yaradıcılığının zirvəsini təşkil edən "Koroğlu" operasını bu evdə yazmışdır. Hazırda Ü.Hacıbəyovun ev-muzeyi burada yerləşir.
Xalq şairimiz Qabil "Royal" şerində belə yazırdı:
Bakı. Ketsxoveli küçəsi.
Bu mülk.
Bu mülkü sehirli orqan
sanardım.
Uşaq aləminin marağı böyük,
Orqan çalınardı,
mən dayanardım.
Köhnə bir küçədə kiçik bir
bina...
Dəyib toxunulmaz bülbül
yuvası,
Burda "Koroğlu"nu verdi
cahana
Böyük Üzeyirin böyük dühası.
1942-ci ildə "Monolit" adlanan bina hazır olduqdan sonra böyük sənətkara orada (Hüsü Hacıyev küçəsi ¹1, mənzil 45), dördüncü mərtəbədə 6 otaq vermişdilər. Bu evdə Üzeyir bəy Hacıbəyov müxtəlif musiqi əsərləri ilə yanaşı, "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsərini tamamlayaraq nəşr etdirmişdir. Burada cəmi 6 il yaşayan dahi bəstəkar, publisist, dramaturq, pedaqoq, mütəfəkkir alim, ictimai xadim, akademik Üzeyir bəy Hacıbəyov 1948-ci ildə vəfat etmiş, haqqa qovuşmuşdur...
Səadət Qarabağlı
Üzeyirşünas
Pin It
»

40% Endirimli

Qalereya