TRTAJANS - Bakıda ana və 1 yaşlı körpəsi dördüncü mərtəbədən düşərək ölüb

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib. Hadisə Badamdar qəsəbəsində qeydə alınıb. 

Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb. 1997-ci il təvəllüdlü Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı Ceyhun Süleymanov müraciət edərək bildirib ki, hadisə avqustun 30-da baş verib. A.Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə düşüb. Yaxınlarının dediyinə görə, mübahisə zamanı R. Niftəliyev həyat yoldaşını döyüb: “Bununla yanaşı, qayınatası İlqar Niftəliyev və qayınanası Təranə Niftəliyeva da qızımıza işgəncə verib. Rəhman qucağında 1 yaşlı qızcığaz olan qızımızı 4-cü mərtəbənin eyvanına çıxararaq orda döyüb. Bu zaman uşaq ananın qucağından yerə düşüb. Ana isə öz körpəsinin arxası ilə özünü yerə atarkən Rəhman və qayınatası bunun qarşısını almaq üçün heç nə etməyib. Nəticədə Aytən də 4-cü mərtəbədən yerə düşüb”.

Yaxınlarının sözlərinə görə, bütün bunlara səbəb A. Niftəliyevanın evdən əşyalarını götürərək getmək istəməsi olub. 1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Huşu özünə gələn A. Niftəliyeva hüquq-mühafizə orqanı əməkdaşlarına ifadəsində bildirib ki, uşağı əri Rəhman əlindən vuraraq yerə salıb, onu isə Rəhmanla yanaşı, qayınatası İlqar da döyüb. Həkimlərin səyinə baxmayaraq, A. Niftəliyeva da bu gün səhər dünyasını dəyişib. Həmin faktla bağlı APA-nın əməkdaşları hadisənin baş verdiyi ünvana yollanıb. Onları Rəhman Niftəliyev qarşılayıb. R. Niftəliyev hadisə vaxtı evin digər otağında olduğunu, hadisədən xəbər tutmadığını deyib. İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb.

Pin It

Qalereya