TRTAJANS - "Ermənilər ağacları kəsib aparandan sonra dibini yandırıblar ki, bir daha çıxmasın"

 Xəbərlərin Faktiki Ünvanı 

İqtisadiyyat

"Bir çox yerlər minalanmış ərazilər olduğu üçün o ərazilərdə monitorinq keçirmək mümkün olmayıb"

Azərbaycanın işğaldan azad edilən torpaqlarında yerləşən həm xüsusi mühafizə olunan ərazilərdə, həm meşələrdə, həm çaylarda, həm də xammal ehtiyatlarında, qeyri-meşə fondunda kəsilmiş ağaclar üzrə monitorinqlər keçirilib.

Trtajans.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev deyib.

Onun sözlərinə görə, monitorinqlər Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarında, eyni zamanda Xocavəndin bir hissəsində aparılıb: “Həmin ərazilərdə xeyli miqdarda ağac kəsilməsi, o cümlədən təbiət abidələrinin məhv edilməsi faktları aşkarlanıb. Onlar artıq sənədləşdirilib və ilkin qiymətləndirmə aparılıb. Bir çox yerlər minalanmış ərazilər olduğu üçün o ərazilərdə monitorinq keçirmək mümkün olmayıb”.

Müdir müavini qeyd edib ki, Oxçuçayın həddən çox çirklənməsi nəticəsində orada olan balıqlara, xüsusilə də Azərbaycanın “Qırmızı kitabı”na düşən və nadir növ olan qızıl xallı balığın məhv olması faktları da var: “Xüsusi sənədləşmələr aparılıb, aidiyyəti üzrə, eləcə də beynəlxalq təşkilatlara müəyyən müraciətlər olunub. Monitorinqlər zamanı 121 təbiət abidəsinə baxış keçirilib. Həmin təbiət abidəsinin 112-si tamamilə kəsilib aparılıb. Onlar bununla kifayətlənməyib ağacları kəsib aparandan sonra dibini yandırıblar ki, bir daha çıxmasın. Onlar eyni zamanda tut bağlarını da kütləvi şəkildə məhv ediblər.

Xüsusi qiymətli Araz palıdı meşəsinə ilkin baxış zamanı oranın 250 hektar ərazisinin tamamilə dağıdılıb aparıldığı, yerinin yandırıldığı aşkar edildi. Həkəri çayı boyunca Azərbaycanda olan hissəsində yaşıllıqlar tamamilə məhv edilib. Bütün rəqəmlər dəqiqləşdirilir. Qarabağ bölgəsində 2 000-dən çox bitki növü var. Bunlar hamısı təsirlərə məruz qalıb, fauna və flora məhv olub. Baxış keçirilən təbiət abidələri olan qədim ağaclar Füzuli, Cəbrayıl, Ağdam Qubadlı və Zəngilanda olub. Laçın, Kəlbəcər, Xocavənd, Xocalı ərazisinə hələlik baxış keçirmək mümkün olmayıb”.

Raqub Mirzəyev, həmçinin bildirib ki,  Qarabağ bölgəsində 260311 hektar meşə sahəsi var və peyk təsvilərinə əsasən, bunun örtülü hissəsinin 54328 hektarı tamamilə məhv edilib. Qarabağ bölgəsində xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 təbiət yasaqlığı var. Ümumi ərazisi 42,042 hektardır, bu isə ölkə üzrə 4,8 faizini təşkil edir. Burada da xüsusi mühafizə olunan 6218 hektarı meşə ilə örtülü sahə məhv edilib.

 

Pin It
»

40% Endirimli

Qalereya