TRTAJANS - AD GÜNÜNDƏ MÜHARİBƏ BAŞLANAN MAYOR…

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

Yaxud, qələbəyə doğum günü ilə gedən igid…

…Bu dəfəki müsahibim Qarabağ Qazisi Şirinov Murad Rəfail oğludur. 27 sentyabr 1986-cı ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. 1993-cü ildə Xətai rayonundakı 269 saylı orta məktəbin birinci sinfinə qəbul olub. 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb, sonra hərbi təhsilini 2005-2009-cu illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib və ilk hərbi rütbəsini-  leytenant rütbəsini alıb. 2010-cu ildən hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb, prezident təqaüdçüsüdür, 3-cü qrup müharibə əlilidir. Ailəlidir, 2 övladı var. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə «Xocavənd uğrunda», «Cəbrayıl uğrunda», «Füzuli uğrunda», «Cəsur döyüşçü», «Vətən müharibəsində iştirakına görə», «Qüsursuz Xidmətə görə» medalları ilə təltif olunub.

***

…Muradla son vaxtlarda Şəhidlərimizin anım tədbirlərində tanış olmuşam. Heç vaxt yaxından müsahib olmamışdım. Çünki tədbirlərdə başı qarışıq olduğu üçün vaxtını almaq istəməmişəm. O tədbirlərin keçirilməsində təşkilatçılıq edir, həmişə Şəhid ailələrinin yanında olur. Və günlərin bir günü Qazimiz Ramin Şirinovla danışıb Muraddan müsahibə almaq istədiyimi bildirdim. Qismət elə gətirdi ki, Ermənistanın kapitulyasiya günü, yəni noyabrın 10-da Murad dəvətimi qəbul edib İctimai Nəzarət Koalisiyasının mərkəzi qərargahına-mənim iş yerimə gəldi. İNK sədri Rasim Məmmədov da yanında olan qonaqlarla bərabər Qazimizlə görüşə gəldilər. Elə bil İlahidən bir  Qürur, bir məğrurluq biçilib Qazilərimizin boyuna. Üzlərində nur, zəhm, qeyrət, məğrurluq, sanki dil açıb onların əvəzindən danışacaq... Demək olar ki, hər gün Qazilərimizlə bir yerdə oluram. Artıq doğmalaşıb bu igidlər mənə. Mən hələ 1-ci Qarabağ Müharibəsində rəhmətlik Etimad Əsədovun sədri olduğu Qarabağ Əlillər Cəmiyyətində rəhmətlik Seyid Müştəba İsmayıloğlunun baş redaktoru olduğu "Əlillər" qəzetində çalışmışam. Bu oğulları o vaxtdan sevmişəm, özümə doğma qardaş bilmişəm. Mən qazilər- Rey Kərimoğlunu, Söhbət Şirinovu, Rizvan Vəliyevi, Mahir İbrahimovu, Firudin Məmmədovu tanıyaraq Qaziliyin müqəddəsliyini dərk etmişəm. Ağlım kəsəndən o illərin canlı qəhrəmanlarının əhatəsində böyümüşəm. Bu gün də Qazilər mənim üçün doğmadır, əzizdir.

Artıq qələbədən sonra mənim Qazilərimizlə görüşüm məhz qələbə ruhlu olur. Çünki biz qələbədən danışırıq, çünki biz QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞIYIQ...

 «AD GÜNÜMÜ DÖYÜŞDƏ QEYD ETDİM…»

 Murad Şirinov:

- Sentyabrın 27-də mənim ad günümdür. Düzdür, biz eşitmişdik ki, müharibə olacaq, amma dəqiq tarixini bilmirdik. Hətta 2 gün əvvəl biz dostlarımızla mənim 35 yaşımı qeyd etməyə hazırlaşırdıq. Axşam yeməyi yeyirdik, kapitan Ülvi Hüseynli dedi ki, qardaşlar, bəlkə bu axırıncı yeməyimiz oldu. Sanki ürəyinə dammışdı ki, Şəhid olacaq. O gün mənim heç yadımdan çıxmaz. Səhər saat 5 radələrində biz hücuma keçdik. Artıq biz Cəbrayıl rayonunun Rüzgar kəndində idik, ilk qələbəmizi qazanmışdıq. Hətta düşmənlə üzbəüz 80 metrlik bir məsafədə özümüzə yer düzəltmişdik. Qarşı tərəf əvvəlcədən orda olduqları üçün özlərinə uyğun yer düzəltmişdilər. Biz isə bir az çətin vəziyyətdə qalmışdıq. Düşmən bizi mühasirəyə aldı. Demək olar ki, hər tərəfdən yollarımız bağlandı. Lakin çətin də olsa biz 7 gün ərzində həm gələn köməklə, həm də təcrübəli, savadlı zabit heyətiylə mühasirəni yarıb 80 metrlik məsafədən düşməni bir nəfərə qədər məhv etdik. Həmin vaxt biz müəyyən itkilər versək də, məğlub olmadıq. Düşmənin fikri bizi mühasirəyə salıb orda məğlub edib məhv etmək idi. Lakin biz o mühasirəni keçib əzmlə irəlilədik…

 «ÖVLADLARIM GÖZÜMÜN ÖNÜNƏ GƏLDİLƏR VƏ…»

  Gərgin döyüşlər gedirdi, çoxlu sayda Şəhidlərimiz, yaralılarımız vardı. Hər saniyəmiz ölüm idi. Fikirləşdim ki, bu gərgin döyüşlərdə mən də Şəhid ola bilərəm. Çünki gözümüzün qarşısında dayanmadan Şəhid olurdu dostlarımız. Evə zəng elədim, elə bil sözlər boğazımda kilidlənmişdi... Anamla, həyat yoldaşımla danışdım, halallaşdım və bircə kəlmə dedim ki, uşaqlardan muğayat olun, mən gəlməyəcəm, məni gözləməyin… Oktyabrın 5-də bizə Füzuli istiqamətində döyüş əmri verilmişdi. Biz Füzulinin Musabəyli, Kənd Horadiz, Dörd Çinar kəndlərini azad etmişdik. Saat 13.50-də bizə Füzulinin Pir Əhmədli kəndini azad etmək haqda tapşırıq verildi. Bölük komandiri kapitan Həmid Cəfərli ilə döyüş əmri üzrə tapşırıqlarımı verir, sursatları yoxlayırdım. Bu anda gözlənilmədən düşmənin atdığı 120 mm-lik minomyot mərmisi bizim 1 metrlik yaxınlığımızda partladı. Onun dalğası bizi olduğumuz yerdən kənara tulladı. Elə bil ruhum bədənimdən çıxdı. Üzü üstə yerə düşmüşdüm. Gözlərim qaraldı, huşumu itirdim. Elə bil övladlarım gözümün önünə gəldilər, çox məsum bir görkəmdə və görünməyən kimsə mənə sən ölməyəcəksən, oyan deyə, məni, sanki həyata qayıtmağa məcbur edirdi. Bir xeylidən sonra çətinliklə gözlərimi açdım. Hər yer toz-duman içində idi. Heç nə görmür, eşitmirdim. Bir az keçmiş özümə gəldim, amma qulaqlarım eşitmirdi. Birtəhər yerdən qalxmaq istəyəndə gördüm əlim yaralanıb amma hərbi yarım əlcək əlimdə olduğuna görə əlimin əti üzülüb düşməyib. Əl hərəkətlərindən hiss edirdim ki, döyüşçülərimiz məni çağırırlar. Biz həmin vaxt 14 nəfər idik, bizdən 11 nəfər Şəhid olmuşdu, mənimlə birgə 3 nəfər də ağır yaralanmışdıq. Mən birtəhər onlara tərəf hərəkət elədim. Ayağım da ağır yaralanmışdı. Onlara çatanda döyüş ləngiməsin,  tapşırıq yarımçıq qalmasın deyə, kapitan Orxan  Novruzova döyüş tapşırığını verib qalan heyəti döyüşə yolladım. O vaxtda Şəhidimiz Həmid Cəfərlinin cibindən telefonunu götürüb komandanlığa zəng edib kömək istədik. Rəhmətlik Şəhidimiz kapitan Ülvi Hüseynov bizə köməyə gəldi. O məni 3 km çiynində zirehli texnika olan yerə gətirdi. Yağış yağdığından texnika ora çıxa bilməmişdi. Biz kömək gələnə qədər əl qumbaralarımızı hazır saxlamışdıq ki, ermənilər bizi yaralı halda əsir götürməsinlər… Ülvi gələndə görüb ki, mən avtomatı özümə tuşlamışam amma halım olmayıb tətiyi çəkəm… Bizi Füzuliyə Diaqnostika Mərkəzinə gətirdilər. Mən özümə gəlib ayılanda Yevlax rayon Mərkəzi Xəstəxanasında idim. Əlim, ayağım əməliyyat olmuşdu. Artıq ayın 7-də biz kapitan Ülvi Hüseynovun Şuşa uğrunda gedən döyüşlərdə snayperlə vurularaq Şəhid olduğu xəbərini aldıq...

 «QÜRURLA ADDIMLAYIRDIQ...»

  Ermənilər cənnət-məkan Qarabağı xaraba qoymuşdular. Çıxarkən hər yeri dağıdıb, yandırıb çıxmışdılar. Təsəvvür edin ki, yağış yağırdı, biz 1 ağac tapıb daldalana bilmədik. Təkcə səngər qazıb orda bir az yuxumuzu alırdıq. Səngərlə bizim aramıza dolan yağış suyu bədən temperaturumuzla istilənirdi. Əynimizdə brezent su keçirməz kamuflyajlar var idi, amma bununla belə biz yağışın suyunda səngərdə yuxu alırdıq…

 «ERMƏNİLƏR POSTU QOYUB QAÇIRDI…»

  Biz Füzulinin Horadiz kəndiylə Ağoğlan (Hadrut) kəndləri arasında döyüşlərdə ermənilərlə üz-üzə döyüşürdük. Təsəvvür edin ki, onlar yüksəklikdə mövqelərini qurmuşdular. Biz isə aşağıdan vuruşa- vuruşa qalxırdıq. Bizim hərbçilərin səs-küyündən, qışqır-bağırından, vahiməsindən onlar yüksəkliklərdəki postlarını atıb qaçırdılar...

 «XƏSTƏXANADA İZDİHAM YAŞANIRDI...»

 Bildiyiniz kimi, noyabrın 9-dan 10-na keçən gecə düşmən məcburi kapitulyasiyaya cəlb olundu və müharibə bizim qələbəmizlə bitdi. Onda mən Zərdabda xəstəxanada idim. Ayağımdan əməliyyat olmuşdum, əlil arabasında idim. Təsəvvür edin yaralılar gecə ağrıdan yata bilmirdilər, həkimlər də hər an yaralı gətirilir deyə, yatmırdılar. Prezidentin qələbə xəbəriylə, sanki birdən xəstəxana yerindən oynadı. Bir anlıq millətin küçələrə axışıb öz sevincini paylaşmasıyla Zərdabda izdiham yaşandı. Biz bu qələbəni Şəhidlərimizin qanı hesabına qazandıq...

***

…QAZİLİYİN MÜBARƏK, QARDAŞ!!! BU QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZƏ VƏ QAZİLƏRİMİZƏ BORCLUYUQ!!! HAQQINIZI HALAL EDİN...

Sevinc MURADXANLI

(Foto müəllifindir)

Pin It
»

40% Endirimli

Qalereya