TRTAJANS - Azərbaycan Zəngəzur dəhlizini genişləndirir

 Xəbərlərin Faktiki Ünvanı 

Dünya

 

“Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması tarixi hadisədir”. Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib
Onun sözlərinə görə, sazişə əsasən Araz çayı üzərində tikilən körpülər vasitəsilə Zəngilan rayonu ilə Ordubad rayonu avtomobil, dəmir yolu, elektrik, qaz, rabitə xətləri ilə birləşdiriləcək: “Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km məsafədə keçəcək. Bu saziş Azərbaycan və İranın dövlət maraqlarına xidmət edən layihənin reallaşması üçün yeni mərhələnin başlanması deməkdir. Sənəddə həmçininq qeyd edilib ki, tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədindən buraxılış məntəqəsinin tikilməsini öz öhdəsinə götürür. Tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. Bundan əlavə, İranı Naxçıvanın Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirəcək. Körpülərin layihələndirilməsi və tikintisi üçün isə tərəflərin müvafiq qurumlarının nümayəndələrindən ibarət Birgə İşçi Qrup yaradılacaq”.
Komitə sədri vurğulayıb ki, bu saziş ilə əslində Azərbaycan Zəngəzur dəhlizini cənub istiqamətində genişləndirir: “Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin şimal istiqaməti ilə bir-birini tamamlayacaq, lazım gəldikdə isə əvəz edəcək bu yeni kommunikasiya yolu Azərbaycanın və tərəfdaşlarının imkanlarını xeyli genişləndirəcək, hər-hansı bir dövlətin inhisar mövqeyini aradan qaldıracaq”.
T.Mirkişili Ermənistanın ilyarım ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdiyini, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdığını vurğulayıb: “Baxmayaraq ki, bu dəhlizin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün olduqca mühüm əhəmiyyət kəsb edirdi. Zəngəzur dəhlizi ilə açılacaq nəqliyyat və enerji xətlərinin texniki əsaslandırılması hazırlandı, lakin Ermənistan üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, onun reallaşmasını əngəlləmək məqsədilə müvafiq yer ayırmadı. Azərbaycanla İran arasında, qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu ilə Azərbaycan Ermənistanın da yersiz və səbatsız siyasi hesablarını alt-üst etdi. Zəngəzur dəhlizindən Azərbaycana təzyiq aləti kimi istifadə etməyi planlaşdıran Ermənistan sonda özü təzyiq altında düşdü. İndi artıq Ermənistan Azərbaycan ilə Şimali Zəngəzur dəhlizinin açılmasını yeni şərtlər və şəraitdə müzakirə etməli olacaq. Bu dəhliz də açılacaq və ya özünü təcrid şəraitində yaşamağa davam edəcək, onu da edə bilsə...”
Parlamentin komitə sədri deyib ki, iqtisadiyyat romantizmi sevmir, o praqmatizmə və dəmir məntiqə əsaslanır: “Azərbaycanın iqtisadi siyasəti isə həm də Dəmir Yumruğa əsaslanır. Azərbaycan Prezidenti regional iqtisadi siyasətdə əsl peşəkar şahmat oyunu nümayiş etdirir. Ermənistan isə vəziri vurulmuş, vəzir olmağa çalışan piyada gedişləri ilə məşğuldur”.
Deputat onu da qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların getdiyi və Rusiyaya qarşı ciddi sanksiyaların tətbiq edildiyi, bununla bağlı Şərq-Qərb nəqliyyat-tranzit dəhlizlərinin Rusiyadan keçən seqmeninin məhdudlaşdığı dövrdə İran ərazisindən keçəcək yeni kommumikasiya bağlantısı mühüm əhəmiyyətə və böyük perspektivə malikdir: “Yeni iqtisadi layihənin gerçəkləşməsi tarixi hadisə, Azərbaycan diplomatiyasının mühüm qələbəsidir və ölkəmizin iqtisadi inkişafında mühüm rol oynayacaq”.
Pin It
»

40% Endirimli

Qalereya