TRTAJANS - Mədəniyyət

 Xəbərlərin Faktiki Ünvanı 

 

Abdulkadir İnaltəkin,
şair, publisist (Almaniya)

"Əziz və hörmətli dostum və qardaşım Asif müəllim.
Sizə bu yazını göndərdim. Əgər uyğundursa yayımlayarsınız.
Dərin hörmət ehtiramla!"
 

Üzümüzdəki qırışlar həyatımızın, heç də zənn edildiyi kimi kef içində keçmədiyinə dəlalət edir. Geriyə qayıdıb baxanda tək başına mübarizə etdiyimiz illərdən sonra bu gün bir çox insan bizim adımızı daşıyır və həmin ad ilə anılır. Zamanın çarxı fırlanmağa davam etdikcə, həyatımızdan çox şey silinir və bu gün əldə etdiyimiz bəzi nailiyyətlər ötənləri əvəz etmir. Bu mürəkkəb tapmaca içində bəşər övladı hər şeyi özünə uyğunlaşdırmaq və özünə məxsus qılmaq üçün davamlı mübarizə aparır.
Əziz dostlarla bir yerə yığışanda bir-birimizə, hər şeyin çox dəyişdiyini və ötənlərdən bizə çox az şey qaldığından danışırıq. Həyatımızın davamlı dəyişikliyə uğraması, köhnə ilə yeninin fərqini bizə göstərir. Bəlkə də bu təbii haldır? Bəlkə keçmişə daha çox can atırıq, çünki yeniyə uyğunlaşa bilmirik, kim bilər? Bunu biz hansı məzmunda izah etsək də, həqiqət budur ki, istəsək də, istəməsək də „zaman“ adlanan məfhum hər şeyi öz yerinə qoyur; nəticə etibarilə insan, dəyişikliyə təbii olmaqdan kənar ola bilmir...
***
İştirak etdiyim bir tədbirdə uzun müddət görüşə bilmədiyim bəzi dostları görmək fürsəti yarandı. Bir tərəfdən həsrətimizi aradan götürdük, digər tərəfdən də keçmiş illərdən bu günə nələrin dəyişdiyini danışdıq. Dostlarım mənə dedilər ki, -illər sonra da heç dəyişməmisən və üslubun yenə də əvvəlki kimi qalıb.-
Dedim ki: -Ay dostlar, vərdişi tərk etmək və ya dəyişdirmək mümkündür. Amma vərdiş xıslətə dönübsə onu, deyişmək mümkün olmur. Nəticə etibarilə, xıslət insanla bərabər məzara gedir. Belə çıxır ki, mənim vərdişim xıslətimə dönüb, bundan belə istəsəm də dəyişə bilmərəm.-
Söhbət dərinə getdikcə keçmişdən, XXI-ci əsrdə Avropadakı Türklərin gələcəyindən və s. mövzulardan danışdıq. Söhbətin ardıcıllığında dostlarım köhnə sinə dəftərimdən danışmağımı xahiş etdilər. Uşaqlığıma dair bir xatirəmi danışdım və bu münasibətlə yazının başlığını da „Ocaq alışdıran” kimi dəqiqləşdirmişəm:
Ocaq və təndir ənənəsi min illərdən üzü bəri yaşayan ən qədim mədəni irsimizdir. Əvvəllər, indiki kimi istilik üçün işlətdiyimiz soba, radiator və müxtəlif qızdırıcı cihazlar yox idi. Bunların əvəzinə təndir və ocaqlardan istifadə edilərdi. Təndirlər ümumiyyətlə mənzilin həyətində yerləşərdi. Ocaqlar isə həm həyətdə, həm də evlərin içində olurdu. Qışda qızınmaq üçün evlərin içindəki təndir və ocaqlardan istifadə olunar, yayda isə həyətdə və eyvandakı təndir və ocaqlar işlədilərdi. Ocaq, yemək bişirmək və qızınmaq üçün, təndir isə xəmir, lavaş, pidə, çörək və s. yeyəcəklər üçün istifadə olunardı.
***
Bu gün artıq itmiş bir mədəni sərvət olan ocaq və təndirlər bir vaxtlar Türkiyənin kənd və qəsəbələrində əvəzolunmaz idi. Yazda başlayan bağ-bağça, əkinçilik, kənd təsərrüfatı işləri payızda erkəklərin cütləşmək üçün qoyunların arasında yellənmə vaxtına qədər davam edirdi. Xəmir gecədən mayalanar, hər səhər təzə lavaş, təndir çörəyi (kömbə), pidə, içli çörək bişirilərdi. Süfrələr ocaqbaşına hazırlanar, şifahi ənənəyə uyğun olaraq nəsildən-nəslə ötürülən adət-ənənələr, nağıllar ocaqbaşında deyilərdi. Sobanın böyük şəhərlərdən kənarda istifadə olunmadığı həmin illərdə imkanlı ailələr evlərini manqal ilə qızdırar, kasıb ailələr isə ocaqbaşında qızınardı. Qış gecələrində ocaqbaşı ailələrin, söhbət və yatmaq üçün istifadə etdiyi ən vacib yer idi. Soyuq qış gecələrində yataqlar ocaq kənarına sərilərdi. Yatağa girəndə uzun müddət tərpənmədən yatardıq, tərpənəndə soyuğun bədənimizə necə hopduğunu hiss edirdik. Yataqlar adətən buz kəsilərdi. Yanan ocağın divara əks edən mənzərəsi, qıvrıla-qıvrıla yanan alov dillərini rəqs edən incə bəlli rəqqasə kimi tamaşa edirdik. Alovun ovsunlanmış al-əlvan rənglərinə qarışan kol-çırpı səslərinin ahəngində insanın içinə təsvir olunmaz bir rahatlıq dolurdu. Bu mənzərə altında yarı şüursuz baxışlarla kirpiklərimiz tədricən bağlanar və dərin yuxuya gedərdik... Uzun çəkən qış gecələrinin qoynunda yuxunun bəlkə də ən şirin məqamında uyuyurduq və səhər xoruzun səsinə oyanardıq. Uşaqlığıma təsadüf edən o illəri yaşayarkən mənim üçün başqa bir dünya yox idi və elə bir həyatın içində dünyaya göz açdığıma görə ocaqbaşında ötən gecələr həyatımın ən şirin və doyumsuz gecələri olub...
***
Ocaq termini müxtəlif mənalarda istifadə olunan müqəddəs bir kəlmədir. Mədəni irsimiz kimi müqəddəs hesab etdiyimiz bir çox adlar da elə „ocaq” kəlməsi ətrafında toplanıb; vətən, torpaq, yurd, yer, məmləkət, əl-oba, ev-xana, diyar, evlənmək, hərbi xidmət, toplaşma və s. kəlmələrin hamısı ocaq kəlməsini əvəz edir. Ata ocağı, ocaq yıxmaq, ocaq yandırmaq, ocaq söndürmək, ocaq qurmaq, ocağı xarab etmək, ocağı batmaq, ocağı korlamaq, ocaq sahibi olmaq, ocağa getmək (ocaq ziyarəti), ocağa üz tutmaq, əsgər ocağı və s. deyimlərdən əlavə ocaq üzrə deyilən atalar sözü, laylalar, nağıllar, xalq mahnıları və şerlərimiz də vardır. 20-ci əsrin güclü şairlərindən Faruk Nafiz Çamlıbəlin, Birinci Cahan Müharibəsi illərini təsvir edən ən güclü xalq ədəbiyyatı nümunəsi kimi qəbul olunan sənədli film, klip, mahnı və məqalələrə mövzu olmuş „Han Duvarları“ şerində:

On ildir ayrıyam, Xına Dağından,
Ata ocağından, yar qucağından.
Bir çiçək dərməmiş sevgi bağından
Cəbhədən-cəbhəyə atılmışım mən.
...
Bir nöqtədə birləşib vətənin dörd bucağı ,
Qürbət çəkən könüllər qucaqlayıb ocağı.
...
Bizdən əvvəl buraya gələn üç-dörd arkadaş,
Oturubdu hamısı ocağa qarşı bağdaş ,
Elə bil yanan kollar dörd cana can verirdi,
Bəzisi qurd, bəzisi quldurdan bəhs edirdi.

Dünyada başqa hansı dildə və mədəniyyətdə „ocaq“ sözünün bu qədər zəngin və sinonim qarşılığını tapa bilərik? Dilimizin zənginliyinə nümunə kimi yüzlərlə termini saymaq mümkündür amma, mövzu ocaq olduğu üçün ondan danışmaq istəyirəm.
***
Qapıları birbaşa küçəyə açılan mənzillərdə ocağı qızlar-gəlinlər yandırmazdılar. Xananın kişiləri və ya nənələr ocağı yandırardı.
Əvvəllər həddən artıq yoxsulluq var idi, kibrit və çakmak tapmaq adətən mümkün olmurdu. Kənddə ancaq bir neçə ailədə çakmak və matç kimi yanıcılar olardı. Buna görə ocaq yandırmaq üçün camaat bir-birinin ocağından, təndirindən köz aparıb öz ocağını, təndirini yandırardı. Yəqin ulu babalar buna görə; „qonşu, qonşunun külünə möhtacdır” deyiblər...
Qonşudan götürülən balaca köz ilə ocağı alovlandırmaq üçün dəqiqələrlə diz çöküb səbrimizi darta-darta, nəfəssiz qala-qala, gözlərimizə tüstü dola-dola və üfürə-üfürə ocağı yandırardıq. Xüsusilə külək əsməyəndə lap çətin olardı. Közü üfürməkdən adamın nəfəsi dayanar, başı gicəllənərdi.
Bəlkə də bu səbəbdən ocaqda və təndirdə bişirilən yeməklərin dadına doymaq olmur. Həmin ocaqlarda bişən o yeməklərin dadını indiyə qədər heç yerdə tapa bilməmişəm desəm şişirtmiş olmaram.
Keçmişdə hər şey daha təbii şəraitdə yetişərdi, gübrə və digər kimyəvi maddələrdən istifadə olunmurdu. Nə iqlimlər, nə də insanlar indiki kimi pozulmamış idi. İnsanlar qonşuluq xətrinə bir-birlərinə kömək edirdilər, işlərini tez qurtaranlar işini qurtarmamış qonşuları ilə əl-ələ verərdi. Fəsillər indiki kimi xarab deyil idi. Leyləklər vaxtında gələr, qaranquşlar vaxtında köç edərdi; hər şey təbiətin axışına uyğun öz məcrasında gedirdi. Bəs, indi?..
***
Uşaqlıqda çox ocaq yandırmışam. Ocağımız həyətdə idi. Bir dəfəsində ocağı yandırmaq mənim üçün yaman çətin olubdu. Üfürməkdən nəfəsim kəsilib və tüstüdən gözlərimi qan aparıbdı. Bu məsələdə bir həll çarəsi tapılmalı deyə fikirləşdim. Səhər quzularımızı otarmağa aparanda çöldə qamışdan uzun bir boru düzəltdim. Axşam nənəm yenə ocağı yandırmağa çalışırdı. Nənəmə inamla dedim ki, -ay nənə! Ocağı yandırmaq üçün artıq əzab çəkmək lazım deyil. Mən çox vacib bir alət icad etdim!- Və qamışı götürüb ocağın qabağında oturdum. İlk dəfə ocağı icad etdiyim yeni ləvazımat ilə yandırmaq istəyirdim. Qamışın ucu yanmasın deyə ocağın qabağına kiçik bir daş qoydum. Qamış borunu daşın üstündə istədiyim kimi irəliyə-arxaya sürüyürdüm, hara üfürmək lazım isə borunu o tərəfə tuturdum. Beləliklə, gözlərimi də tüstüdən qoruyurdum və icad etdiyim bu alət ilə vacib bir məsələni həll etməkdən zövq alırdım.
Nənəmə dedim ki, - ay nənə! İcad etdiyim bu alətə bir ad verək. Nənəm də buna çox gözəl bir ad verdi: „OCAQ ALIŞDIRAN!“
„Alışdırmaq“ sözü qədim Türk dilində işlədilən bir kəlmə idi. Uşaqlıq hissiyyatı ilə elə bilirdim ki, həmin bu ixtiranı məndən qabaq heç kim fikirləşə bilməyib. Öz-özümü bu fikrə elə inandırdım ki, bu icadı yeganə mən fikirləşdim deyirdim və özümdən çox razı idim. „Ocaq alışdıranı“ bir müddət işlətdim və o artıq keçmişin dumanlı iqlimində qalıb və uşaqlıqdan qalan əziz xatirələrimdən biri kimi yaddaşımda iz buraxıb...



Bəli, yenilər bəzən köhnəni əvəz eləmir və insan yenə də keçmişi axtarır…

Azərbaycan Dövlət Akademik Musiqili Teatrından cəbhəyə yollanmış şəhid Əliağa Məmmədovun xatirəsi hər zaman teatr kollektivi

Daha cox oxu...

Bu gün Azərbaycan teatrı yaranmasının 148-ci ildönümünü qeyd edir.

Daha cox oxu...

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

Daha cox oxu...
»

40% Endirimli

Qalereya