TRTAJANS - Nəsibə Zeynalova - 105

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

 

Trtajans.az xəbər verir ki, bu gün görkəmli gülüş ustası, çoxlarının yaddaşında "qayınana" kimi iz buraxmış unudulmaz və əvəzolunmaz sənətkarın -  Nəsibə xanım Zeynalovanın doğum günüdür. 

Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbalayı Cahangir, Bakıda anadan olub və tanınmış tacir və eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

 Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Uilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato və Barbale ("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldina ("İki ağanın bir nökəri", Karlo Qaldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", türkmən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular", Tərcümə edənləri Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorova. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var.

 Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa ("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"), Əsli xala ("Bəyin oğurlanması") rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

"Hicran" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974).

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi çəkib. 

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır.

 
Pin It
»

40% Endirimli

Qalereya