TRTAJANS - Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Bu gecə vəfat edən Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir.

Pandemiya səbəbindən mərasimdə sənətkarın yaxınları işitrak edirlər.

Xalq artisti Arif Quliyev bu gün Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti koronavirusa yoluxmuşdu. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi, süni tənəffüs aparatına qoşulmuşdu. Onun həyatını xilas etmək mümkün olmayıb.

Trtajans.az xəbər verir ki, Arif Əli oğlu Quliyev 1965-ci ildə  Bakı MədəniMaarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.

Müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub.

1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür.

1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. Elə həmin il Xalq artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdür. Prezident təqaüdçüsü idi.

ALLAH RƏHMƏT ELƏSİN!

Pin It
»

40% Endirimli

Qalereya