TRTAJANS - Azərbaycanda 10 uşaqlı örnək ailə - reportaj (video)

 Xəbərlərin Faktiki Ünvanı 

Toplum

Bu ailənin 3-ü qız, 7-si oğlan olmaqla 10 övladı var. Övladlardan ən böyüyü 20, ən kiçiyi 1 yaş yarımdır.

Onların hamısı gördüyünüz bu otaqda birlikdə yatır.

 Ailə başçısı Xaliq Məmmədovun 41, həyat yoldaşı Azadə Məmmədovanın isə 38 yaşı var. 20 yaşında ailə həyatı quran Xaliq Məmmədov çox uşaq sahibi olmasını Allahın ona ən böyük hədiyyəsi sayır: “Bir oğlum məktəbi bitirib, universitetə sənəd verib. Böyük oğlum gözündə problem olduğuna görə oxumadı. Hazırda usta işləyir, maşın ustasıdır. Hazırda dördü məktəbdə oxuyur, ikisi də bu il gedəcək. Günüm maraqlı keçir. Uşaqlar səliqəli, tərbiyəli uşaqlardır. Tərbiyə vermək də atadan yox, anadan asılıdır. Ata səhər çıxıb, axşam gəlir. Uşağın tərbiyəsi ilə ana məşğul olur. Uşaqlarım bir-birinə kömək edir, analarına kömək edir. Kim ki, deyir iki uşağım var, baxa bilmirəm, səhv düşünür. Uşağı saxlayan Allahdır. Uşağın ruzisini Allah verir”.

 Evin xanımı Azadə Məmmədova Ukraynada anadan olub. Atası azərbaycanlı olduğundan, 16 yaşında bura gəlib. 18 yaşında isə Xaliq Məmmədovla ailə həyatı qurub: “Hər uşağın bir xarakteri var. Hamısı eyni deyil. Mən də çalışıram uşaqların xarakterinə uyğunlaşım. Eləsi var oxuyur, eləsi var oxumur. İndi onu hər dəfə atasına, nənəsinə demək olmur, özüm çalışıb həll edirəm. Onlayn dərs olanda çox yorulurdum. Müəllim deyirdi, filan uşaq niyə girməyib dərsə? Mən deyirdim iki telefon var, uşaq çoxdur. Dərslər eyni vaxta düşürdü, çətin olurdu. Böyüklər özləri öz işlərini görür. Paltarlarını səliqə ilə yığırlar. Balacaları da mən özüm həll edirəm”.

 Çəkiliş apardığımız müddət ərzində ailənin böyük oğlu Pərvin işdə, qalan doqquz bacı və qardaş isə evdə idi. Nənə Mehparə Məmmədovanın sözlərinə görə, nəvələri hər zaman birlikdə dərslərini hazırlayır, yeməklərini yeyir, birlikdə də yatırlar: “Hər zaman deyirəm ki, bu gündən sonra mənim oğluma Allah 10 əlavə uşaq da qismət eləsin. Ona yox demərəm. İşdən gələndə hamısı yolumu gözləyir. İkisi hər zaman məni qarşılamaq üçün çıxır”.

 Ailə başçısının sözlərinə görə, ailəsi həm rəsmi qurumlar, həm də müxtəlif insanlar tərəfindən hər zaman lazımi diqqət və qayğı görür. Bəzən gənc ailənin 10 övladının olduğuna inanmayıb, bunu şəxsən görmək üçün gələn insanlar da olur.

 Xaliq Məmmədov əvvəllər qəzet redaksiyalarının birində işləyib. Lakin bir müddət öncə səhhətində yaranan problem nitqində qüsur yaratmaqla yanaşı, iş qabiliyyətini də əlindən alıb. Hazırda yeganə istəyi ona əlillik dərəcəsinin verilməsi və mənzil şəraitinin yaxşılaşdırılmasıdır: “İndi xəstələnmişəm, insult keçirmişəm. Oturmuşam evdə. Çətinliyim evimin olmamasıdır. İki otaq var, həyətim yoxdur. Uşaqlar istəyir həyətdə oynasın, çıxa bilmirlər. Qapı birbaşa yola açılır. Əsas istəyim budur ki, uşaqları nəzərə alıb, mənzil şəraitimi yaxşılaşdırsınlar. Başqa heç nə”.

 İnsan dünyada yaxşı tərbiyə olunmuş ailə qədər önəmli ikinci bir miras qoya bilməz. Xaliq və Azadə Məmmədovların bu missiyanı layiqincə yerinə yetirdiyini desək, yanılmarıq. Biz də onlara bu çətin işdə güc və səbir, övladlarına isə sağlıqlı gələcək arzu edirik.

 

Pin It

Qalereya