TRTAJANS - Putin Ukraynaya qarşı hərbi əməliyyatların başlandığını elan etdi

 Xəbərlərin Faktiki Ünvanı 

Siyasət

 

Rusiya prezidenti Vladimir Putinin bu gün səhər saatlarında, Bakı vaxtı ilə saat 07.00 radələrində Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq

qərarını elan etməsindən əvvəl ABŞ administrasiyası bu haqda Kiyevi xəbərdar edib. virtualaz.org xəbər verir ki, adının açıqlanmasını istəməyən yüksək rütbəli ABŞ rəsmisi “Newsweek” dərgisini bu haqda məlumatlandırıb. Mənbə deyib ki, prezident Cozef Baydenin administrasiyası Ukrayna prezidenti Volodimir Zelenskiyə kəşfiyyatın Rusiyanın yaxın 48 saatda tammiqyaslı hərbi müdaxiləyə başlayacağı barədə məlumatını çatdırıb. “Ukrayna prezidenti ABŞ kəşfiyyatının məlumatları əsasında xəbərdar edilib ki, Rusiya tezliklə, 48 saat ərzində hərbi əməliyyatlara başlayacaq”,-nəşr bildirib.

Zelenskinin administrasiyasındakı mənbə də belə xəbərdarlıq aldıqlarını təsdiqləyib. Amerika kəşfiyyatının nümayəndəsinin bildirdiyinə görə, Pentaqon Rusiyanın hərbi müdaxiləsinin aviazərbələr, qanadlı raketlərdən zərbələr və yerüstü müdaxilə ilə həyata keçiriləcəyi qənaətinə gəlib. Mənbə bildirib ki, hücum təkcə Ukraynanın şərqi ilə kifayətlənməyəcək, hansı ki, iki gün əvvəl Donetsk və Luqanska əlavə Rusiya qoşun bölmələri göndərilmişdi. Bildirilir ki, hücum şimaldan da başlayacaq, Belarus istiqamətindən Rusiya qoşunları paytaxt Kiyevə doğru irəliləyəcək. Kəşfiyyatdakı digər mənbə hərbi əməliyyatların Rusiyanın Ukraynaya qarşı irimiqyaslı kiberhücumları ilə başlayacağını bildirib. Hər iki mənbə deyib ki, Rusiyanın hərbi planının sonrakı gedişi gündəlik hadisələrdən asılı olacaq.

Ukrayna kəşfiyyatı isə ötən gün belə məlumat əldə etmişdi ki, Belarusun Ukrayna ilə sərhədlərinə cəmləşdirilmiş Rusiya qoşunları şevronlarını dəyişir, Belarus ordusunun şevronlarını taxır. Görünür bu, Belarus istiqamətindən hücuma görə məsuliyyəti Rusiya ordusunun üzərindən atmaq məqsədi daşıyır. Habelə sosial şəbəkələrdə Belarusun Ukrayna ilə sərhədinə Su-24 təyyarəsinin gətirildiyinə dair foto yayılmışdı. Bu təyyarələr hazırda Belarus və Rusiya tərəfindən istismar edilmir, ancaq Ukraynada var. Görünür məqsəd həmin təyyarənin Ukraynaya aid olduğunu və “Belarusdakı Rusiya

qoşunlarına zərbə endirmək cəhdi zamanı vurulduğunu” iddia edəcəklər.

Ukrananın Təhlükəsizlik Xidmətinin Xarkov vilayəti üzrə idarəsinin rəisi Roman Dudin isə bildirib ki, Rusiya Müdafiə Nazirliyi cəsədlər üçün 45 min plastik torba alıb. “Görünür köhnə rus ənənələrinə uyğun olaraq onları birbaşa çölün ortasında, adsız qəbirlərdə basdıracaqlar”,-o bildirib.

***

Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 24-də səhər saatlarında televiziya ilə xalqa müraciət edərək “Donbassın müdafiəsi üçün xüsusi hərbi əməliyyatın keçirilməsi” barədə qərar qəbul etdiyini bildirib. virtualaz.org xəbər verir ki, Putin müraciətində “Rusiya üçün təhdid yarada biləcək xarici qüvvələri” də hədələyib. Onun sözlərinə görə, Rusiyanın belə təhdidlərə cavabı ləngiməyəcək.  “Biz hadisələrin istənilən inkişafına hazırıq. Bütün zəruri qərarlar qəbul edilib”,-Putin xəbərdarlıq edib. Putin onu da deyib ki. NATO-nun hərb maşını Rusiyanın sərhədlərinə yaxınlaşır. Onun sözlərinə görə, Rusiya 30 il ərzində NATO-nun şərqə doğru genişlənməməsi üçün anlaşmağa çalışıb, amma yalan, təzyiq və şantajla qarşılaşıb. Putin müraciətində “Ukraynanı işğal etmək niyyətlərinin olmadığını” da deməyi unutmayıb.

Pin It
»

40% Endirimli

Qalereya