Xəbərlərin Faktiki Ünvanı

İdman

(Portret cizgiləri)

...Masallıda idman, mədəniyyət, ədəbiyyat mənə elə gəlir ki, özünün intibah dövrlərini 1960-90-ci illərdə yaşayıb. Həmin vaxt Masallıda həqiqətən də çoxlu gənclər idmanla, teatrla, incəsənətin ayrı-ayrı növləri ilə və ədəbiyyatla çox ciddi məşğul olurdular. Bu gün respublikada bu sahədə tanınan tanınmış Masallıların çoxu da elə həmin dövrün yetirmələridir. Elə bu sətirlərin müəllifi də həmin vaxt Masallıda idmanın güləş növü, ədəbiyyatla, jurnalistika ilə ciddi məşğul olurdu. Və həm də bu sətirlərin müəllifi Adil Səfərov və Şakir Həsənovun yaratdığı Miniətür teatrında çalışırdı və özü də Masallının Rayon Texnika Birliyi təşkilatında Nadir Adıgözəlovla birlikdə “Traktorçu” adlı bədii özfəaliyyət kollektivi yaratmışdı.

Bax həmin vaxtlar Süfəddin Məmmədov da, başda Rafiq Rəsulov, Vaqi Əliyev olmaqla Masallı rayon Voleybol yığma komandasında özünün bacarığını, gələcəkdə çox peşəkar idmançı olacağını sübut etməyə çalışırdı. Zaman keçdikcə sübut olundu ki, Süfəddin Məmmədov həqiqətən də təkcə yaxşı voleybolçu olmadı və həm də yaxşı, peşəkar məşqçi kim çoxlu cavanları yetişdirdi. Bu gün Azərbaycanın, eləcə də bir sıra xarici öklələrin voleybol komandalarında onun çoxlu yetirmələri çalışır.
Mən bu yazımda Süfəddin Məmmədovun 65 illik həyat yolunu təhlil etməyə çalışacam və onun böyük uğurlarını oxucularımızla bölüşəcəm. Amma ilk öncə onun haqqında qısa məlumat vermək istəyirəm.
Qısa arayış: Süfəddin Pərviz oğlu Məmmədov 12 dekabr 1955-ci ildə Masallı rayonun Türkoba kəndində anadan olub. 1972- ci ildə Türkoba kənd tam orta məktəbini bitirib və 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olunub.1974-1976-ci il tarixlərində ordu sıralarında xidmət edib.1977-ci ildə texnikumu bitirərək bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib. Elə həmin ildən Masallı rayonunda həm “Məhsul” Kənd Könüllü Həmkarlar Təşkilatı İdman Cəmiyyətində təlimatçı- metodist, həm də Türkoba kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərib. Süfəddində idmana marağı və həvəsi uzun müddət Türkoba kəndi, S. M. Kirov adına savxozda təlimatçı-metodist işləyən atası Pərviz Məmmədov və müəllimi Güləhməd Əbilov yaradıblar.
O, ilkin dövrlərdə həm futbol, həm də voleybol idman növləri ilə məşğul olurdu. Amma zaman keçdikcə voleybola olan marağı və sevgisi üstün gəldi və gələcək fəaliyyətində bu idman növünü seçdi.
Təlimatçı və müəllim işləyə-işləyə voleybolla ciddi məşğul olmağı davam etdirərək, Masallı rayonun birincilikləri və turnirlərində dəfələrlə qalib olub, rayonun yığma komandasının heyətində çıxış edərək 1979-cu ildə Azərbaycanın VI spartakiadasının qalibi və dəfələrlə Respublika çempionu və mükafatçısı olub.
O, həmin vaxtlar voleybolun inkişafında əvəzsiz xidmətləri olan ümumittifaq dərəcəli hakim, Respublikanın Əməkdar məşqçisi Rafiq Rəsulovla birlikdə məşqçisi olduğu Masallının kişilərdən ibarət voleybol komandası Respublikanın yüksək liqasında çıxış edərək 2007-ci ildə bürünc, 2009-cu ildə isə gümüş mükafatların sahibi olmuşdular.
Süfəddin müəllimin təlimatçı-metodist işləyərkən rəhbərlik etdiyim S. M. Kirov adına savxozun komandaları ilboyu keçirilən idman yarışlarının yekun nəticələrinə görə I yeri tutduğu üçün 1982-ci ildə Respublika üzrə o, “İlin ən yaxşı təlimatçı- metodisti” seçilib. 1999-cu ildə tərkibində çıxış etdiyi Masallının kişilərdən ibarət voleybol üzrə yığma komandası Respublika birinciliyi yarışlarında II yer tutmuş və 2000- ci ildə isə bu komanda I yeri tutaraq “Əsrin çempionu”olmuşdu. Bu əlbəttə, Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərlərin idmançılarına qalib gəlib, respublika çempionu olmaqla çox böyük qələbə idi.
***
1995-ci ildən savxoz təsərrüfatlarının fəaliyyətinə xitam verildiyi üçün təlimatçi- metodist ştatı ləğv edildikdən sonra Süfəddin Məmmədov elə həmin ildən “Təhsil” Respublika İdman Mərkəzi Masallı RTŞ-nin Uşaq-Gənclər İdman Məktəbində ikinci iş yeri kimi məşqçi-müəllim və Türkoba kənd tam orta məktəbində bədən tərbiyəsi müəllimi işləyir. 05 mart 2010-cu ildə idmanın inkişafında uzun müddət səmərəli fəaliyyətimə və yetirmələrinin Respublika yarış və turnirlərində, o cümlədən beynəlxalq yarışlarında Respublikamızı təmsil edərək uğurlar qazandıqlarina görə Azərbaycan Respublikası Gənclər -İdman Nazirliyi tərəfindən Süfəddin Məmmədov voleybol üzrə Respublikanın Əməkdar məşqçisi fəxri adına layiq görülüb. Bu, onun əməyinə verilən çox layiqli qiymət idi.
Masallı Rayon Təhsil Şöbəsinin Uşaq Gənclər İdman Mərkəzinin gənclərdən ibarət yığma voleybol komandası 2002, 2003, 2005, 2007-ci illər ərzində Respublika çempionu, 2002, 2004, 2006-ci illərdə yeniyetmələrin III, IV,V Respublika oyunlarının çempionu 2003-2005 illərdə idman məktəblərinin II Respublika oyunlarının final oyunlarının çempionu, 2009-cu ildə 1997-1998-cu il təvəllüdlü yeniyetmələr arasında Respublika birinciliyinin çempionu, 2010-cu ildə Masallının Gənclərdən ibarət yığma komandası Respublika çempionu, 2011-ci ildə yeniyetmələrinVII idman oyunlarının çempionu, 2014-cü ildə Respublika oyunlarının final mərhələsinin çempionu, 2015-ci ildə Ümumtəhsil məktəblərinin VIII spartakiadasının çempionu, 2016-ci ildə gənclərdən ibarət yığma komandaların çempionu, 2018-ci ildə Gənclər və İdman Nazirliyinin birincilik yarışlarının çempionu olub. Bax bu mötəbər yarışlarda Masallı komandasının belə böyük uğurlar qazanmasındı əlbəttə, Süfəddin Məmmədovun bir məşqçi kimi xidmətləri əvəzsizdir. Bax belə məşqçi-müəllimləri qorumaq lazımdır. Hər rayonda belə yüksək, peşəkar məşqçilər olmur. Belə məşqçi Masallı idmanı üçün çox böyük fəxarətdir. Yəqin Masallının yeni rəhbərliyi belə məşqçini qoruyacaq. Ona lazım olan bütün şəraitləri yaradacaq ki, bu rayonun voleybolu həmişə birincilər sırasında olsun.
- Süfəddin müəllim, hər bir məşqçinin uğuru onun yetişdirdiyi tələbələrinin uğurları ilə ölçülür. Siz öz yetirmələriniz haqqında nə deyə bilərsiniz?
- Yetirmələrim mənim həyatımın güzgüsüdür. Hər bir müəllim böyük uğurlar əldə edən yetirmələri ilə sevindiyi kimi, mən də bu yetirmlərimlə çox sevinirəm. Vasif Rahib oğlu Talıbov 1991-ci ildə İspaniyada keçirilən Ümumdünya Voleybol Olimpiadasının (SSRİ yığma komandasının tərkibində) çempionu, voleybol üzrə Respublikanın qadınlardan ibarət voleybol komandasının baş məşqçisi, qadınlardan ibarət “Murov” voleybol kulubunun baş məşqçisidir.
Fərid Yasər oğlu Cəlalov Respublikanın kişilərdən ibarət yığma komandasının baş məşqçisi, kişilərdən ibarət “Murov” voleybol klubunun üzvüdür.
Elmin Elnur oğlu Alışanov Respublikanın kişilərdən ibarət yığma komandasının və “Murov” voleybol klubunun üzvüdür.
Nilufər Anar qızı Ağazadə Respublikanın qadınlardan ibarət voleybol komandasının və qadınlardan ibarət “Murov” klubunun üzvüdür.
Ülvi Rəcəbli, Rufulla İsayev, Elşən Sadıqov, Elxan Yusubov, Sahil Hacıyev, Elvar Əlizadə, Yalçın Ağayev və başqaları Respublikanın gənclərdən ibarət yığma komandalarında çox uğurla çıxış ediblər və edirlər.
Yetirmələrimdən Ruhid Tofiq oğlu Xəlilov və Həsən Süfəddin oğlu Məmmədov respublika dərəcəli hakimdirlər. Respublikada çox maraqlı yarışları onlara tapşırırlar. Niyaməddin Süfəddin oğlu Məmmədov da respublika dərəcəli hakim olmaqla çox ümid verən gəncdir. Ulu Tanrımdan ona görə razıyam ki, belə yetirmlərim var. Deməli, zəhmətim hədər getməyib.
- Siz bir vaxtlar voleybolla məşğul olmağa başlayanda, həmin vaxtlar Masallıda çox peşəkar voleybolçular vardı. Onlardan kimlər yadınızda qalıb?
- Mən bir şeyə sevinirəm ki, voleybolla məşğul olduğum ilk illərdə Masallıda doğrudan da çox peşəkar, ustad voleybolçular vardı. İnanın, həmin vaxtı bizim hər bir yarışımızda demək olar ki, mindən, iki mindən çox adam iştirak edirdi. Böyük izdiham olurdu. Hər bir yarış da çox böyük coşqu ilə qarşılanırdı. Çox sevinirəm ki, həmin dövrlərdə veteran voleybolçular Rafiq Rəsulov,Vaqif Əliyev, Güləhməd Əbilov, Əbülfət Yusubov, Səyyad Quliyev, Oqayət Həsənov, Ayət Məmmədov, Niyaməddin Məmmədov,Yaqub Rəsulov, Ramiz Huseyinov, Sabiq Cahangirov, Azad Əsgərov, Elimdar Məmmədəliyev, Qəyyum Niftiyev,Vuqar Mənsimov, Ədalət Həşimov və başqaları ilə birgə işləmişəm və bir komandada oynamışam. Həmin vaxtlar siz deyən kimi, həqiqətən Masallı voleybolu özünün intibah dövrünü yaşayırdı. Hamı bizimlə fəxr edirdi. Yuxarıda adlarını çəkdiyim voleybolçular rayonun ən sayılıb-seçilər gəncləri idi. Masallıda voleybolunun əsasını onlar düzgün və peşəkar səviyyədə qoyduqlarına görə bu gün də bu idman növü respublika səviyyəsində öz sözünü layiqincə deyir.
- Bir peşəkar idmançı və Əməkdar məşqçi kimi Azərbaycan idmanı haqqında nə deyə bilərsiniz?
- Möhtərəm Prezidentimiz, Respublika Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin xüsusi qayğısı və dəstəyi nəticəsində Azərbaycan idmanı günbəgün inkişaf edir və yeni-yeni uğurlara imza atır. 7 olimpiya çempionlarımızın misilsiz qələbəsi buna əyani sübutdur.
Mən onu da vurğulamaq istəyirəm ki, 44 günlük Böyük Vətən Müharibəsində əsgərlərimizin fiziki hazırlığı yüksək səviyyədə olduğuna görə, onlar erməni gavurlarına əlbəyaxa döyüşlərdə çox asanlıqla qələbə çala bilirdilər. Onlar bu fiziki hazırlığın nəticəsində Qarabağı erməni gavurlarından azad etdilər.
Yadıma gəlir ki, Ulu öndər Heydər Əliyev hələ 1993-94-cü illərdə deyirdi ki, “millətin sağlamlığı və fiziki hazırlığının yüksək olması üçün idman çox vacib şərtdir. Biz hökmən Azərbaycan idmanını dirçəltməli və dünya səviyyəsinə qaldırmalıyıq. Axı tarixlər boyu Azərbaycanın çox igid, qoçaq insanları olub. Biz də onların sələfləriyik”.
Deməli, dahi rəhbər məhz bu günlər üçün həmin fikirləri deyirmiş və ona görə istəyirmiş ki, Azərbaycanda Olimpiya kompleksləri çox olsun. Cənab İlham Əliyev də dahi Heydər Əliyevin bu fikirlərini tam reallaşdırdı. 10 milyon əhalisi olan bir ölkənin 7 Olimpiya çempionu, yüzlərlə dünya, Avropa, beynəlxalq səviyyəli çempionlarının olması bu, çox böyük göstəricidir. Ona görə də biz məşqçilər və idmançılar qürur duyuruq ki, belə bir ölkədə yaşayırıq.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi


P. S. İndi mən də bir ziyalı kimi vurğulamaq istəyirəm ki, Masallı idmanına rəhbərlik edənlər də sevinməlidirlər ki, onların rayonunda yüksək peşəkar Süfəddin Məmmədov kimi bir məşqçi işləyir. Onu yüksək səviyyədə qorumalı və onun Azərbaycanın Fəxri bədən tərbiyəsi və idman xadimi adını alması üçün Respublika İdman və Gənclər Nazirliyinə müraciət etməlidirlər. Mən inanıram ki, çox dəyərli ziyalı olan və Azərbaycan idmanının inkişafı üçün əvəzsiz işlər görən cənab nazir Azad Rəhimov Süfəddin Məmmədovun əməyinin layiqli qiymətini alması üçün çox müsbət işlər görər. Axı belə peşəkar mütəxəssis çox az yetişir və o, çoxdan Fəxri bədən tərbiyəsi və idman xadimi adına layiq olmalı idi.
»

40% Endirimli

Qalereya

Nostalji Xəbərləri

Dr. Kürşat Çavuşoğlu,Irak Türkmen Gazeteciler ...
    Tanınmış hüquqşünas, siyasi ekspert Adil ...
Dekabrın 27-də saat 15.30 radələrində ...

Texnologiya Xəbərləri

“Qarabağdakı zəfər sadəcə texnologiya sayəsində ...
Türkiyənin ilk yerli silahlı pilotsuz uçuş ...
ABŞ-da yerləşən FireEye kiber təhlükəsizlik ...