TRTAJANS - "Türkiyə bizim evimizdir" - Xəzər İbrahim TÜRKSOY-un sərgisində

 Xəbərlərin Faktiki Ünvanı 

Mədəniyyət

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərinin 30-cu ildönümü münasibətilə TÜRKSOY tərəfindən təşkil olunan fotosərginin

artıq bir aya yaxındır Türkiyənin müxtəlif şəhərlərində nümayişi davam edir.

Trtajans.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, səyyar sərginin növbəti təqdimatı Hatay şəhərindəki Kulinariya Evində keçirilib.

 TÜRKSOY və Hatay Böyükşəhər Bələdiyyəsinin əməkdaşlığı ilə təşkil edilən tədbirdə beş türk respublikasının Türkiyədəki diplomatları da iştirak edib.

  Sərginin açılışını bildirən qırmızı lenti TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Hatay valisi Rəhmi Doğan, Hatay Böyükşəhər Bələdiyyəsinin sədri Lütfü Savaş, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Qırğızıstan səfiri Kubanıçbek Ömüraliyev, Özbəkistan səfiri Alişer Agzamhodjayev, Türkmənistan səfiri İşankulı İmanlıyev və Qazaxıstan səfirliyinin müşaviri Aşat Davutov birlikdə kəsiblər.

  Mərasimdə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk respublikalarının müstəqilliklərinin 30-cu ildönümü münasibətilə təşkil olunan fotosərginin sivilizasiyaların beşiyi olan Hatayda açılmasından məmnun olduğunu bildirib. TÜRKSOY-un qardaş xalqların mədəniyyət və incəsənət sahəsində əlaqələrinin gücləndirilməsi üçün çox səy göstərdiyini vurğulayan D.Kaseinov sərginin ilboyu davam edəcəyini deyib: “Sərgimizdə türk soylu fotoqrafların əsərləri nümayiş etdirilir. Türk dünyasını sevən, TÜRKSOY-un dostu Lütfü Savaşa bu işdə dəstəyinə görə təşəkkür edirəm. Birliyimiz əbədi olsun.”

  Hatay Böyükşəhər Bələdiyyə sədri Lütfü Savaş da öz çıxışında bildirib: “Qazi Mustafa Kamal Atatürkün son əmanəti olan sərhəd şəhərində qardaşlarımızı qəbul etməkdən çox məmnunuq. Bu gözəl sərgini burada açmaqdan şərəf duyuruq. Rəbbim dilimiz, mədəniyyətimiz, əməkdaşlığımız və mənəvi sadiqliyimizlə bütövlüyümüzü qorusun”.

  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim isə çıxışında deyib: “Türkiyə bizim evimizdir. Hatay həmişə qəlbimizdədir. Türkiyə və Azərbaycan xalqı bir millət kimi yaşayır və yaşayacaq. Bu əlaqəni gücəndirmək bizim borcumuzdur. Mən eyni zamanda respublikamız adından Azərbaycanın Hatayda keçiriləcək “EXPO-2021” beynəlxalq sərgisini də dəstəkləyirəm”.

  30 il əvvəl çoxəsrlik türk tarixində yeni bir səhifə açıldığını ifadə edən Qırğızıstan səfiri Kubanıçbek Ömüraliyev türk ölkələri arasındakı münasibətlərin gücləndirilməsinin vacibliyiini vurğulayıb.

  Tarixi min illərə dayanan Hatayda olmaqdan məmnunluğunu dilə gətirən Özbəkistan səfiri Alişer Agzamhadjaev sərginin türk xalqlarının bütövlüyünə əhəmiyyətli bir töhfə verəcəyini söyləyib.

  Türkmənistan mədəniyyətini və sənətini sərgi vasitəsilə Hataya gətirdiklərini bildirən bu ölkənin səfiri İşankulı İmanlıyev deyib: “2021-ci il Türkmənistanda Sülh və Etimad İli elan edildi. Bu münasibətlə Qazi Mustafa Kamal Atatürkün "Yurdda sülh, dünyada barış" prinsipinin nə qədər dəyərli olduğu bir daha diqqət çəkir. Ümid edirəm ki, iki ölkənin qardaşlığını, dostluğunu və münasibətlərini yeni səviyyəyə qaldıracağıq”.

  Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

  Qeyd edək ki, sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın tarixi-mədəni irsi və müasir inkişafını əks etdirən fotolar yer alır.

  Xatırladaq ki, füsunkar təbiəti və özünəməxsus zəngin mətbəxi ilə tanınan Hatay 2017-ci ildə qastronomiya üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib. 2021-ci ildə isə Hatay “EXPO” beynəlxalq sərgisinə (Botanika EXPO) ev sahibliyi edəcək.

Pin It
»

40% Endirimli

Qalereya